Ermənistanın Baş naziri Nikol Paşinyan və onun hökumət üzvləri Rusiyanın Gümrüdəki hərbi bazasını qapadaraq, hərbçilərini Kursk ətrafındakı döyüşlərə göndərməsini çox istəyərdi.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, müxtəlif mənbələrə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında 5 minə yaxın hərbçisi, onlarla ağır zirehli texnikası var:
“Kreml Ukraynanın şərq cəbhəsində silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risk etmir. Çünki bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq. Kremlə Kursk istiqamətində əlavə qüvvələr lazımdır. Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar. Buna baxmayaraq, Kreml sahibi üçün bu gün ən ümdə vəzifə Ermənistanda hərbi baza saxlamaqla, burada tənbəlləşən hərbçilərinin istirahətinin davamına şərait yaratmaq deyil, imicinə dəyən zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir. Bu gün Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir”.