Əslində Sevastopoldakı rus gəmilərinə hücumların qurudan və yaxud dənizdən atılan raketlərlə təşkil olunması ilə bağlı suallar hələ dəqiq cavablandırılmayıb. Rusiya bu məsələdə İngiltərəni ittiham edir və həmin ittihamlarda haqlılıq payının olması da mümkündür.
Bu sözləri AzerTimes-a Vladimir Putinin Rusiyanın taxıl sövdələşməsində iştirakdan tam imtina etmədiyi haqqında verdiyi açıqlama haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.
Başbuğ hansısa maneələrin yaradılmayacağı halında yenidən tərəflər arasında taxılın daşınması məsələsində Türkiyənin vasitəçilik etməsini mümkün hesab edib:
“Əsas məsələ bundan sonra nələrin baş verəcəyidir. Fikrimcə, Vladimir Putinin taxıl sazişinin icrasının müvəqqəti dayandırılması ilə bağlı verdiyi açıqlama müsbət hadisədir və ABŞ ilə İngiltərə mane olmasa, Türkiyə vəziyyət nisbətən sabitləşdiyi zaman yenidən tərəflərin görüşünə nail ola bilər. Çünki hər dəfə tərəflər arasında dialoqun gücləndirilməsi və sülh üçün ümid yarananda Vaşinqton və London məsələyə qarışaraq prosesi tərsinə çevirir. Əgər yenə hansısa maneələr ortaya çıxmasa, mən Putinin Türkiyənin vasitəçiliyindən imtina etməyəcəyini düşünürəm. Əlbəttə ki, şərtlərin yenidən nəzərdən keçirilməsi məsələsi də gündəmdə olacaq. Çünki Rusiya göndərilən taxılın çoxunun Avropa ölkələrinə, az bir qisminin ehtiyacı olan ölkələrə göndərildiyini iddia edir. Yeni şərtləri əsasən yeni formalaşan vəziyyət müəyyən edəcək”.
Qeyd edək ki, taxıl sazişi 22 iyulda İstanbulda imzalanıb və Rusiya 30 oktyabrda Sevastopolda Qara dənizdəki gəmilərinə hücumu əsas gətirərək taxıl sazişində iştirakını müvəqqəti dayandırıb.