Vladimir Putin 22 noyabr 2020-ci ildə “Rossiya 1” telekanalında qatıldığı proqramda və həmin ilin dekabrında keçirilən illik mətbuat konfransında Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın suveren ərazisi olduğunu bəyan etmişdi. Buna görə də Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı verdiyi açıqlamalarda ərazilərimizin adını erməni dilində təhrif etməsi ilk növbədə öz dövlətlərinə, 10 noyabr bəyanatının altında olan imzalarına, öz dövlət başçılarına etdikləri hörmətsizlikdir. Ciddi ölkələr belə addımlar atmır.
Bu sözləri AzerTimes-a Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində ərazilərimizin adlarının mütəmadi şəkildə və ən son 13 noyabrda erməni dilində təqdim olunması haqqında danışan istefada olan polis polkovniki, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədov deyib.
Polkovnik 10 noyabr 2020-ci il bəyanatı əsasında, dövlətimizin razılığı ilə rus sülhməramlıların beş illik müddətə ölkəmizin ərazisinə yerləşdirildiyini bildirib:
“İndi rus sülhməramlıların ərazilərimizin adının saxtalaşdırılması da daxil olmaqla, öz missiyalarına tam zidd addımlar atması qəbuledilməzdir. Müdafiə Nazirliyimiz və aidiyyəti orqanlar Rusiya dövlətinə və rus sülhməramlılara qəti xəbərdarlıq etməlidir. Ortada dövlət rəhbərləri tərəfindən imzalanmış bir bəyanat var və bu sənəd həyata keçirilməlidir. Əgər həyata keçirilməsə və rus sülhməramlılar separatçılara qol-qanad gərməyə davam etsə, Azərbaycan tamamilə bu sənəddən imtina hüququnu özündə saxlayır”.
Polkovnik xatırladıb ki, Prezident İlham Əliyevin ən son Soçidə də vurğuladığı kimi, Qarabağ münaqişəsi artıq tarixdə qalıb və Azərbaycan bütün qonşuları ilə sülh şəraitində yaşamaq istəyir:
“Xatırlayırsınızsa, 2020-ci il 10 noyabr bəyanatından sonra bu haqda suala cavab olaraq Rusiya lideri Putin bildirmişdi ki, bəyanatdan imtina İrəvanın intiharı demək olar. Ermənistan 10 noyabr bəyanatının bütün bəndlərinə əməl etməlidir. Əks halda doğrudan da bu, İrəvanın intiharı demək olar.
Rus sülhməramlıları da Ermənistanın və separatçıların havasına oynamaq yerinə öz vəzifələrini yerinə yetirməlidir və münaqişəni geri qaytarmağa çalışan qüvvələrə dəstəyi birdəfəlik dayandırmalıdır”.