Oktyabrın 12-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında mətbuatın açıq hissəsində keçirilən görüşündə maraqlı detal diqqətimi cəlb edib. Vladimir Putin çıxışına Qarabağ mövzusuyla başladı: “Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir”.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Qarabağ ətrafındakı vəziyyətin niyə bir nömrəli məsələ olduğu aydın deyil:
“Qarabağ məsələsi bitib. Təsadüfi deyil ki, İlham Əliyev çıxışında Qarabağ mövzusuna toxunmadı. Azərbaycan dövlət başçısı rusiyalı həmkarına “bizim danışmağa mövzularımız çoxdur” deyərkən, bu sırada əmtəə dövriyyəsini, sənaye kooperasiyasını, nəqliyyat sahəsində əməkdaşlıq mövzularını misal çəkdi. Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb: Rusiya hərbi kontingentinin Qarabağdan çıxma tarixinin müəyyənləşdirilməsi”.