Pulu qaytarandan sonra məlum oldu ki, Maqsud qızılları götürüb qaçıb – Zərərçəkmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi
prosesdə zərərçəkmiş Reyhan Mahmudova bildirib ki, lombarda 600
manatlıq qızıl qoyub əvəzində 150 manat götürüb.

“Pulu qaytarandan sonra bir ay qızılı ala bilmədim. Bir aydan
sonra qızılımı qaytardılar. Qızılı verəndə Maqsud orada idi, amma
mən onunla söhbət etməmişəm. Qızılı da Mədinəyə vermişəm, pulu da
ondan götürmüşəm. Pulu qaytarandan sonra məlum oldu ki, Maqsud
qızılları götürüb qaçıb. Mən və digər zərərçəkmişlər polisə şikayət
etdik. Ondan sonra qızıllarını qaytardılar. Mən əvvəllər də 2 il
lombardla işləmişik. Yoldaşım pul qoyub qızıl götürürdü. Heç vaxt
problem olmurdu”,-deyə zərərçəkmiş bildirib.
Digər zərərçəkmiş Zemfira Əsgərova isə bildirib ki, ona qızılının
oğurlanması ilə bağlı zəng edilib: “Dedilər ki, Maqsud qızılları “atıb”. Mən də yoldaşımla lombarda getdim, gördüm qapı bağlıdır.
Mədinə xanıma zəng vurdum, dedi ki, get şikayət elə. Mən də şikayət
etdim. Şikayətdən sonra çağırıb qızıllarımı verdilər. Şikayət
edəndə pulu tam ödəməmişdim. Qızılı gətirdilər, pulu ödədim

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2
((təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Teqlər: