20 min dolları 40 minə “çevirən” Kamerun vətəndaşı Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Vanbo Aurelienin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il fevralın 9-da Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş A.Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 min ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.
A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.