Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparırlar, həm də tikintiyə başlayırlar.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, heç bir dövlət orqanı onları dayandırmaq gücündə deyil:
“Hətta bununla bağlı məhkəmə qərarı olsa da, həmin qərarlar icra olunmur. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, heç kim məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bizdə arxayın tikinti şirkətləri var. Onlar bilirlər ki, heç kim hüququ məsuliyyətə cəlb olunmayacaq. Onlar özləri qiymət müəyyən edirlər. Pul bu şirkət rəhbərlərinin gözünü elə tutub ki, onlar bir çox dəyəri itiriblər. Allahdan da qorxmurlar. Başa düşmürlər ki, insanlara qan udduranlar Allahın qəzəbinə düçar olacaqlar”.