Publik hüquqi şəxslərin ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları ilə bağlı lazımi məlumatlar toplanılır – Agentlik

Xəbər - Samir Əli – Trend:

Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127s nömrəli
Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı
publik hüquqi şəxslərə “Müharibə veteranı, silahlı qüvvələr
veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri
haqqında Əsasnamə”də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön
cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin
siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön
cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər
bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün
müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a
bildirilib ki, sözügedən Sərəncamdan irəli gələrək Vətən müharibəsi
dövründə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlara müharibə
veteranı adının verilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi tərəfindən lazımi məlumatlar toplanılır.

Belə ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinə (TƏBİB) tabeliyində olan tibb müəssisələrində çalışan,
döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə
tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə
siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq
verilib.


Tapşırığa uyğun olaraq TƏBİB həmin şəxslər barədə siyahının və
təsdiqedici məlumatların – hərbi biletlərin surəti, şəxsi işlər,
ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə
iştirakı sübut edən başqa sənədlərin hazırlanmasını təmin edir.
TƏBİB tərəfindən siyahı Agentliyə təqdim edildikdən sonra sözügedən
şəxslərə müharibə veteranı adının verilməsi məsələsinə baxılması
üçün sənəd aidiyyəti dövlət orqanına təqdim olunacaq.

Teqlər: