Əgər həqiqətən də ciddi psixoloji narahatlığı olubsa, burada birbaşa məsuliyyəti valideyn daşıyır. Əslində bu, ciddi paranoid şəxsiyyət pozuntusudur. Paranoid şəxsiyyət pozuntusu da orqanik beyin xəstəliyidir.
Bu sözləri AzerTimes-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov haqda danışarkən deyib.
Ü.Murtuzova bildirib ki, paranoid şəxsiyyət pozuntulu insanlar ətrafına şübhə ilə yanaşır:
“Avtonom mərkəzi siniri birbaşa quruduğuna görə belə insanların nə edəcəyi bəlli deyil. Anidən, heç bir səbəb olmadan, yersiz şübhələrə düşərək hadisəni törədir. Hadisəni düşünərək etmir. Həmin anda beyində funksional quruma və pozuntu gedir. Beyinə siqnal getmir. Elə insanlarda da mərhəmət hissi olmur. Belə xəstələr deyir ki, həmin anda ağlıma və gözümə başqa şeylər göründü. Onlar həmin anda etdiklərinin fərqinə varmır. Qurbanının öldüyünü, ondan qanlar axdığını gördükdən sonra rahatlanırlar. Həmin rahatlanmadan sonra bir neçə dəqiqəyə geridönüş mütləq olur. Geridönüş zamanı özünü günahlandırır, ömür boyu vicdan əzabı çəkir. Belə hadisələr sürətli davam edirsə, avtomatik meyillilik yaranır və bunlar arasında interval azalır. Cinayəti yenidən törətməsi ehtimalı isə çoxalır. Ailə üzvlərinə qarşı şiddətli formada şübhələr olduğuna görə onlar üzərində fokuslanır. Həmin anda bir evdə bir insana qarşı şübhə yaranır, tutması daha da çoxalırsa, orada olan bütün insanlara xəsarət yetirir. Ətrafda və yaxınlıqda kimsə evin içində olarsa, onlar da qurbana çevrilir”.
Ü.Murtuzovanın sözlərinə görə, psixoloji, psixoz pozuntusunun olduğu təsdiq olunarsa, belə bir cinayət hadisəsini törətməsi qeyri-normal görünmür və gözlənilən addım sayılır:
“Belə xəstələr evdə yox, bağlı, qapalı məkanda, ağır dərmanlarla müalicə almalıdır. Təbii ki, müalicəsi olan xəstəlikdir. 18-22 yaş aralığında xəstəlik özünü büruzə verir. Çox güman ki, xəstə doğulduğu zaman beynində fəsadlar yaranıb. Zamanla beyində funksional pozuntu nəticəsində quruma gedib. 13-18 yaş aralığında belə pozuntu özünü bəlli edir. Müalicəsi üçün 13-18 yaş gecikmiş dönəm deyil, 23-25 yaşda isə gecikmiş dönəm hesab edilir. Valideyn öz uşağını yaxşı tanıyır. Hiperaktiv uşaq anidən susqunlaşır, qeyri-adekvat hərəkət edir, ətrafından kənarlaşır, qaranlıq, tək otaqlarda qalırsa və uşaq hər dəfə baş nahiyəsini sıxır və ağrı, əllərində tez-tez qıcolmalar, titrəmələr baş verirsə, bu bir göstəricidir”.