Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluqda
vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji
aspektləri üzrə seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a verilən xəbərə
görə, Baş Prokurorluğun Geniş Kollegiya iclasının müvafiq qərarının
icrası məqsədilə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin
təşkili idarəsinin, eləcə də müvafiq sahə üzrə yuxarı
prokurorluqların işçiləri üçün carı ilin mart ayının 29-dan 31-dək
əyani və distant formada “Prokurorluqda vətəndaşların qəbulu zamanı
peşəkar davranışın mənəvi və psixoloji aspektləri” mövzusunda
seminar keçirilib. Təlimçi qismində tədbirə Baş Prokurorluğun
işçiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin və
Ombudsman Aparatının nümayəndələri, Səhiyyə Nazirliyinin və Bakı
Dövlət Universitetinin psixologiya sahəsində alimləri, eləcə də
xüsusi riskli vəziyyətlərdə vətəndaşlarla ünsiyyət saxlamaq
təcrübəsi olan Fövqəladə Hallar Nazirliyinin psixoloqları cəlb
ediliblər. Seminar çərçivəsində dinləyicilərə vətəndaşların qəbulu
zamanı etik dəyərlər və davranış standartları, xüsusi riskli
vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, bu zaman
yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri, o
cümlədən intihar meyli davranışın qarşısının alınması üzrə biliklər
tədris edilib. Seminar üzrə tədris tədbirləri Bakı şəhərində qulluq
keçən işçilər üçün Elm-Tədris Mərkəzinin inzibati binasında,
Naxçıvan Muxtar Respublikasında qulluq keçən işçilər üçün isə
distant formada həyata keçirilmiş, tədbir zamanı müasir
informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilmiş,
tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə məşğələlər
vaxtında və səmərəli tədris edilmiş, təcrübədə istifadə etmək üçün
maraq doğuran məşğələlərin elektron mətni dinləyicilərə təqdim
edilib. “Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
arasında əməkdaşlığa dair” imzalanmış Memoranduma əsasən təcrübə
mübadiləsi məqsədilə Akademiyanın Hüquq kafedrasının müəllim
heyətinin üzvləri də bu seminarda müşahidəçi qismində iştirak
ediblər. Seminarın yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə
etdikləri bilik və bacarıqlardan, müşahidəçilər isə seçilmiş
mövzulardan və onların tədrisindən razı qaldıqlarını ifadə
ediblər.