Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib.
Bu barədə AzerTimes-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, yanvarın 19-da Bakı şəhər prokurorluğunun rəhbərliyi və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2022-ci ildə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında ölkəmizin davamlı inkişafının və tərəqqisinin təməl əsaslarını qoymuş Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq güllər düzülmüş, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində 2022-ci ildə də bütün sahələrdə tərəqqi və inkişafa nail olunmuş, dövlətimizin beynəlxalq nüfuzu daha da möhkəmlənib.
Elşən Abbasov, həmçinin, siyasi və iqtisadi sahədəki uğurlarımız, habelə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın reallaşması üçün həyata keçirilən geniş miqyaslı infrastruktur layihələri barədə məlumat verib.
Vurğulanıb ki, həyata keçirilən müasir məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu mütərəqqi iş prinsipləri əsasında fəaliyyət göstərən dövlət təsisatına çevrilib.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən müəyyənləşdirilən prinsiplər əsasında işini quran Bakı şəhər prokurorluğu və tabe ərazi rayon prokurorluqlarının fəaliyyəti nəticəsində 2022-ci ildə cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində ötən illərlə müqayisədə müsbət nəticələr əldə olunub.
2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 16724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87,3% təşkil edib.
Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə və 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.
2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı bağlı olub.
Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırıb.
Quldurluqla bağlı müvafiq dövr ərzində qeydə alınmış 61 hadisədən 95 %-nin açılması təmin edilib.
Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.
Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar olan cinayət işləri olub. Hesabat dövründə qeydə alınmış ölümlə nəticələnən 198 yol-nəqliyyat hadisəsi üzrə təqsirləndirilən şəxslər müəyyən edilib.
Qeyd edilib ki, hesabat dövründə aidiyyəti tabe rayon prokurorluqlarının icraatında olan 928 işdən 474-nün, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 17198 cinayət işindən 7374-nün istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 6250, prokurorluq orqanları tərəfindən 190 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ümumilikdə 28 milyon 735 min 733 manat fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə nail olunub.
Əməliyyat müşavirəsində vətəndaş məmnunluğunun təmin edilməsi, onların qəbulu və müraciətlərinə baxılmasının daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmaqla, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən qazilərin müraciətlərinə təxirəsalınmadan baxılaraq, dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
2022-ci il ərzində Bakı şəhər prokurorluq orqanlarına 17149 müraciət daxil olmaqla həll olunub, 6564 vətəndaş qəbul edilib.
Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Müşavirədə 2022-ci il ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 12 nəfərin intizam məsuliyyətinə cəlb edilməsi, onlardan 2 nəfərin prokurorluq orqanlarından xaric edilərək, 2 nəfərin tutduğu vəzifədən azad olunması xüsusi vurğulanmaqla xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi tələb edilib.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edərək, yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüldüyünü bildiriblər.
Müşavirəyə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da dövlətə və dövlətçilik ideyalarına sədaqətlə xidmət etməklə cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirləri görəcəklərinə əminliyini ifadə edib.