Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluq Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin bəraət alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumdan AzerTimes-a verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri-Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bildiririk ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 08 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs-Zaur Yusifova Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs- Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.