Prokurorluq orqanlarının xarici həmkarları ilə səmərəli əməkdaşlığı davam etdirilir

Xəbər - Samir Əli – AzerTimes:

Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti 23 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider, Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət eedib.

Qonaqlar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.

Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.
Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub, tarixən xalqlarımızın milli köklərə söykənən bu münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Kamran Əliyev 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirdiyini minnətdarlıqla qeyd edib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsinin iki ölkə arasında mövcud strateji əməkdaşlığın təzahürü olduğunu vurğulayıb.

Baş prokuror qonağı cari ilin noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası haqda məlumatlandıraraq, yaradılmış platformanın türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti, Baş prokuror Kamran Əliyev həmin qurumun növbəti yığıncağının 2023-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcəyindən məmnunluğunu ifadə edərək, Türkiyənin ən gözəl şəkildə ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Şaban Yılmaz ilk öncə ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.

Şaban Yılmaz tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulamışdır.
İstanbul şəhər Baş Prokuroru hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini xüsusilə diqqətə çatdırmışdır.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də səmərəli fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.
Səfər çərçivəsində, heyət, paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olub, prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Qeyd edilməlidir ki, Türkiyə nümayəndə heyətinin 2015-ci ildə şəhid olmuş İstanbul şəhər Baş Prokurorluğunun prokuroru Mehmet Selim Kirazın valideynləri – Saadet Kiraz və Hakkı Kiraz da gəliblər.

Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Teqlər: