Xəbər - Samir Əli – Trend:
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin ölkəmizə rəsmi səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təcrübə mübadiləsi aparmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarından ibarət 11 nəfərlik heyət Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib.
Nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə tər gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Prokurorluq əməkdaşları, həmçinin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Mavzoleyini – Anıtqəbirini ziyarət ediblər.
Səfər zamanı Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin və Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha intensivləşməsi və faydalı olması üçün kifayət qədər əsaslar olduğunu qeyd edən Bəkir Şahin əməkdaşlığın həm dövlətlərimiz, həm xalqlarımız və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət etdiyini vurğulayıb.
Prokurorluq orqanlarının müxtəlif struktur qurumlarını təmsil edən heyət üzvləri səfər çərçivəsində qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksi ilə tanış olub, eləcə də Ankara Ədliyyəsi, Ankara Bölgə Ədliyyə Məhkəməsi, Türkiyə Ədalət Akamediyasında təşkil olunmuş seminarlarda iştirak edib.
Heyət üzvləri, həmçinin Sincan Qapalı Cəza İcra Qurumuna səfər etmiş, Türkiyə hüquq sistemində cəzaların icrası zamanı prokurorluq əməkdaşlarının fəaliyyəti ilə yaxından tanış olub.
Azərbaycan Prokurorluğunun əməkdaşları ilə türkiyəli həmkarları arasında hüquqi sahədə fikir mübadilələri və müzakirələr aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
10 günlük təcrübə mübadiləsindən sonra ölkəmizə geri qayıdan nümayəndə heyəti Baş Prokuror Kamran Əliyev tərəfindən qəbul edilib.
Heyət üzvləri səfər zamanı əldə etdikləri səmərəli təcrübə ilə bağlı Baş Prokurora məlumat vermiş, mübadilə zamanı göstərilmiş səmimi və doğma münasibətdən məmnunluq ifadə etmişlər.
Qardaş ölkələrimiz arasındakı qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadilələrinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən Kamran Əliyev hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin hər zaman diqqət mərkəzində saxlanıldığını qeyd edib.