Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılmış və nəticədə aldığı xəsarətlərdən ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.