Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluq 101 nəfərə saxta COVID-19 test sənədi hazırlayan
şirkət rəhbərinin azadlığa buraxılması ilə bağlı yayılan
məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumatda
bildirilir ki, bəzi media və sosial şəbəkə səhifələrində “Əsr
Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun
Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs
qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad
edilməsi ilə bağlı informasiyalar yayılıb.
“Xəbər verildiyi kimi, Əsgər Bayramov vəzifəli şəxs kimi
qabaqcadan əlbir olan bir qrup şəxs halında Ural Hava yolları ilə
Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə
neqativ nəticəli saxta COVID-19-a dair test sənədlərini hazırlayıb
sataraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə
səlahiyyətlərindən sui-istifadə edib.
Faktla bağla Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət
təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma,
qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə)
maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində başlanmış cinayət işi baxılması üçün Yasamal rayon
məhkəməsinə göndərilmiş, məhkəmənin 23 noyabr 2021-ci il tarixli
hökmü ilə Əsgər Bayramovun əməli Cinayət Məcəlləsinin 308.1-ci
maddəsinə tövsif edilməklə CM-ni 308.1, 320.1 və 320.2-ci maddələri
ilə təqsirli bilinərək islah işləri cəzası təyin edilmiş və cəzası
faktiki çəkilmiş hesab edilərək barəsində seçilmiş həbs qətimkan
tədbiri ləğv edilməklə məhkəmə iclas zalından azad edilib.
Dövlət ittihamçısı tərəfindən həmin hökmdən verilmiş protestə
Bakı Apellyasiya Məhkəməsində baxılmış və 21 yanvar 2022-ci il
tarixli qərarla hökm dəyişdirilmədən saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən
yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutların
məcmu qaydada qiymətləndirilməməsi, sübutların cinayət-prosessual
qanunvericiliyin tələblərinə uyğun tədqiq edilməməsi, bunun
nəticəsi olaraq Əsgər Bayramovun əməlinin tövsifində səhvə yol
verilməsi, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin
şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz
cəza təyin olunması əsası ilə dövlət ittihamçısı tərəfindən
kassasiya protesti verilib.
Eyni zamanda, digər cinayət işi üzrə də – Cinayət Məcəlləsinin
178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə)
maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin
19 fevral 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş
İlham Xıdırov və Nazim Mustafayevə Bakı Apellyasiya Məhkəməsinin
Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmü ilə
bəraət verilməsi səbəbindən dövlət ittihamçısı tərəfindən irəli
sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm
əhəmiyyət kəsb edə biləcək sübutların cinayət-prosessual
qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilib
qiymətləndirilməməsi əsası ilə kassasiya protesti verilib.