Prokuror Maqsud Mahmudova 14 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Maqsud Mahmudovun ittihamlarda təqsirinin sübuta
yetirildiyini bildirib və onun 14 il azadlıqdan məhrum edilməsini
istəyib.

Zərərçəkmiş Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudovun həbs
edilməsinin ona heç bir xeyri yoxdur: “Bizə maraqlı olan
pullarımızdır. Bizə dəymiş ziyan necə olacaq? Maqsud ya tutuldu, ya
öldü, bizə fərq eləmir. Əsas bizə dəymiş ziyan ödənilsin”.

Prosesdə vəkil müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə prosesi aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər
Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud
Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində
tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa
təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama
maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

Teqlər: