Xəbər - Samir Əli -Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində “falçı” adı ilə dələduzluqda təqsirləndirilən Şəfəq İsmiyeva və həyat yoldaşı Ceyhun Zeynallının işi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.
AzerTimes-ın məlumatına görə, prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Ş.İsmiyevaya 10 il 6 ay, C.Zeynallıya isə 13 il həbs cəzası verilməsini istəyib.
Təqsirləndirilən şəxslərin hər ikisinə CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib.
Cinayət işinin materiallarında iddia olunur ki, Ş.İsmiyeva “İnstagram” səhifəsində falçılıq etməsi barədə elan yayıb. Özünü “Maya” kimi təqdim edib. İttihama əsasən, o, Bakı şəhər sakini Rəna Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan “Dmitri” adlı başqa bir falçının da köməyi lazım olacaq.
İddia olunur ki, iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 2 milyon manata yaxın pul alınıb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb.