Prokuror BDU-nun rektor köməkçisini bıçaqlayana cəza istəyəcək

Xəbər - Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzerTimes-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə istintaqı başlayıb.

Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən İ. Mirzəyev özünü təqsirli bilib.

O qeyd edib ki, 11 il universitetdə çalışıb: “Əvvəllər təsərrüfatın maşınını sürüdüm, sonra sex vardı, ona baxırdım. Maaşım 600 manat idi. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər. O zaman maaşın bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı. Onun qəbuluna yazıldım. Fikrimi ona deyəcəkdim. Lakin onun qəbuluna düşə bilmədim. Universitetdən dedilər ki, struktur dəyişikliyi olacaq, o zaman maaşlar bərpa olunacaq”.

Təqsirləndirilən şəxs deyib ki, iki il ərzində dəfərlərlə müraciət etsə də, onun şikayətinə baxılmayıb: “İki ildən sonra struktur dəyişikliyi baş verdi. Bu səbəbdən universitetə təzə işçilər gətirildi. Mənim də seximə Qaçay adlı şəxs gətirildi. Mən yenidən rektorun qəbuluna yazıldım. Lakin yenə qəbul etmədilər. Struktur dəyişilikliyi olsa da, maaşım dəyişmədi. Sonra məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. Onunla görüşdüm. Dedi bir neçə günə sənə xəbər edəcəyik. Hadisə günü səhər Qaçay gəldi ki, sənin maaşını qaldırmaq qalsın qırağa, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, qəbul etmədilər. Mirzə müəllimin yanına getdim. Ona dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. O mənə məsələni araşdıracağını dedi. Sexə qayıdanda gördüm avandalıqlarımı yığırlar. Orada özümə aid avadanlıqlar da var idi. Onu da mənə vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Birdən dedim sonuncu dəfə Mirzə müəllimlə görüşüm. Mirzə müəllimə dedim ki, iki ildir məni söz verirsiz ki, maaşın qalxacaq. Bir anlıq orda özümü itirdim. Həyacanlandım, bıçağı sənədlərim arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum. Otaqdan aşağı düşdüm. Həmin vaxtı universitetdə imtahan günü idi. İmtahan günlərində təcili yardım da universitetə gəldirdi. Onlara yuxarıda yaralıların olduğunu dedim və taksiyə minib getdim. Əməlimdən peşmanam, lakin iki il mən maaşımın azalmasına dözdüm. İmkanım yox idi, borcların çox idi”.

Prosesdə ifadə verən zərərçəkmiş şəxs, BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev isə bildirib ki, hadisə olan vaxtdan 1 il 10 ay əvvəldən universitetdə çalışsa da İsimxanı üzdən tanıyıyıb, yaxın münasibəti olmayıb.


“İki dəfə ünsiyyətimiz olub. Birinci dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, məhkəməyə müraciət edəcək. Keçmiş rəhbərliklə bağlı məsələlərdə bağlı. Mən də bununla bağlı rektora məruzə edəcəyimi dedim. 2020-ci ildən yenidən yanıma gəldi. Bildirdi ki, maaşı azaldılıb. Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə bunu başqa şatata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi yazıb. Mən ona dedim ki, sturuktur dəyişikliyi olan zaman ştatlar açılacaq. O zaman başqa bir vəzifəyə keçmək şansı olar. Çünki onun maaşının artırılması mənim səlahiyyətlərim çərcivəsində deyil. Oğlu ilə lap yaxşı münasibətim var. O da bizdə təminat şöbəsində çalışırdı,”-deyə zərərçəkmiş bildirib.

Digər zərərçəkən Şahlar Bəyalıyev 1993-cü ildən universitetdə komendant işlədiyi deyib.
Bildirib ki, hadisə günü M. Mirzəyevin otağına gedib: “Mən içəri girəndə gördüm ki, Mirzə müəllim İsmixanı itələyir. Yanlarına yaxınlaşıb ayırmaq istədim, İsimxanın yanına yaxınlaşdım. Bu zaman məni də bıçaqladı. Əvvəl yaxınlaşanda onun əlində bıçaq görməmişdim. Məni bıçaqlayandan sonra elə bil ayıldı. Qaçaraq çıxıb getdi”.
Ş. Bəyalıyev şikayətçi olmadığını deyib.

Prosesdə məhkəmə istintaqı başa çatdırılıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

İş üzrə növbəti məhkəmə prosesi yanvarın 21-ə təyin edilib.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə təqsirli bilinən İsmixan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Teqlər: