Professora qarşı 2 milyon manat dələduzluq edən şəxslərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor
müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan
Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə eyni iş üzrə təqsirləndirilən və məhkəmənin
hökmü ilə 9 il azadlıqdan məhrum edilmiş Səadət Xəlilovun həyat
yoldaşı Aidə Xəlilova ifadə verib.

O bildirib ki, həyat yoldaşının hansı işlərlə məşğul olduğundan
xəbəri olmayıb:
“Səadətlə mən bu işlərlə barəsində danışmamışıq. Sadəcə, bilirdim
ki, bizneslə məşğuldur. Qazaxıstandan mərmər və qranit gətizdirib
burada satırdı. Lakin sonradan işləri pis oldu, faizi verə bilmədi.
Bir müddət sonra da həbs edildi”.

Şahid deyib ki, o, 2015-ci ildə “Sky” oteli kredit alaraq
tikdirib: “Ərimin biznesi ilə mənim biznesim ayrı olub. Mən oteli
tikəndə 5 milyon kredit almışam. 2016-cı ilə qədər bütün işlər
bitmişdi. 2017-ci il rəsmi açılış olub. 2016-cı ildə bütün işlər
tamamlanmışdı, sadəcə, lisenziya alınması məsələsi qalmışdı.
2017-ci ilin əvvəlində lisenziya alındı və açılış oldu”.

Hakim şahidinin istintaqa verdiyi ifadəni elan edilib. Aidə
Xəlilova istintaqa verdiyi ifadəsində pulu ərinin Soltan Əliyevdən
aldığını deyib. Lakin şahid oradakı ifadəsini təsdiqləməyib.

Proses aprelin 29-da davam edəcək.

Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və
Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. S.
Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə
azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu
Muxtarov və Sahil Abuşovun işi S. Xəlilovun işindən ayrılıb. S.
Xəlilov tək mühakimə olunub.

S. Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan
vurmaqla dələduzluq) maddəsi ilə ittihamolunaraq 9 il azadlıqdan
məhrum olunub.

Teqlər: