“Vaqner”in rəhbəri Yevgeni Priqojin rusiyalı politoloq Daria Duginanın və hərbi müxbir Vladlen Tatarskinin ölümünün arxasında Ukrayna hakimiyyətinin dayanması iddialarını şərh edib.
AzerTimes xəbər verir ki, Priqojin Sankt-Peterburqdakı kafedə baş verənlərin təfərrüatını hələlik bilmədiyini vurğulayıb.
“Mənə yalnız o məlumat verildi ki, Vladlen Tatarski həlak olub. Partlayış olan kafeni “Cyber Front Z” vətənpərvərlik hərəkatına verdim və onlar orada müxtəlif seminarlar keçirdilər. Çox güman ki, bu faciə seminarda baş verib. Daria Duginanın ölümünə gəlincə, bəli, hər şey oxşardır. Amma mən bu hərəkətlərə görə Kiyev rejimini qınamazdım. Düşünürəm ki, burda bir qrup radikal hərəkət edir”, – o bildirib.
Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı “Strit-bar” kafesində baş verən partlayışda ölüb. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.