Kreml sahibi Vladimir Putin hər zaman Rusiyanın böyüklüyündən danışıb, ancaq hazırda elə bir vəziyyətə düşüb ki, belaruslu həmkarı Aleksandr Lukaşenkondan Priqojinlə əlaqə saxlamasını xahiş edib. Əslində bu durum Putinin Rusiyanın suverenliyini şübhə altına almasının etirafıdır.
AzerTimes xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu “Vaqner” rəhbəri Yefgeni Priqojinlə Belarus lideri Aleksandr Lukaşenkonun danışıqlar aparması və razılıq əldə etməsi barədə danışarkən qeyd edib.
O bildirib ki, Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yol gətirə bilmədilər:
“Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib, ancaq bu hələ flimin sonu deyil”.
Politoloqun fikrincə, bəzi açıq suallar var: ”Vaqner” muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı? “Vaqner” müqavilə imzalamasa, tərk-silah olunacaqmı və bu necə həyata keçiriləcək? Priqojin başının dəstəsiylə Ukraynaya qarşı müharibəni davam etdirəcəkmi?
“Priqojin aşpaz və muzdlu qruplaşma rəhbəri olmaqla yanaşı, həm də manipulyasiya ustasıdır. Priqojinin rəhbərliyi altında Sankt-Peterburq şəhərində yüzlərlə proqramçıdan ibarət troll ordusu fəaliyyət göstərib. Məhz həmin trollar ABŞ-da prezident seçkisində Donald Trampın qələbə çalması üçün var gücləriylə çalışmışdılar. Yəni bu cür troll ordusu yaradan Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnənin sonu, tamaşanın isə davamı etməsi ola bilər”, – politoloq vurğulayıb.