Prezidentlər tapşırıq verdi: mühüm mərhələ başlayır

Prezidentlər tapşırıq verdi: mühüm mərhələ başlayır

Bu səfər ölkələrimiz üçün tarixi bir əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan hər zaman beynəlxalq arenada bir-birini dəstəkləyib. Daşkənd hər zaman keçmiş Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə edib, hətta bu çərçivədə İrəvanda öz səfirliyini açmayıb. Şövkət Mirziyayev də müharibədə qazandığımız qələbə münasibətilə İlham Əliyevi ilk təbrik edən prezidentlər, liderlər sırasındadır.

Bu sözləri AzerTimes-a Azərbaycan və Özbəkistan əlaqələrini, eyni zamanda İlham Əliyevin Daşkəndə səfərini şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib. Münasibətlərin son otuz ildəki inkişaf yolundan danışan ekspert hazırki səfərin ikitərəfli əlaqələrin bütün sahələrdə yeni mərhələyə keçməsini təmin edəcəyini vurğulayıb:

“1996-cı ildə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə“, 2004-cü ildə isə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Xatırlatmaq istəyirəm ki, Özbəkistan ötən il Bakıda Türk Dövlətləri Təşkilatına üzv olub. Bu fakt bir daha Özbəkistanın Azərbaycanla əlaqələrə verdiyi əhəmiyyəti sübut edir. Son illərdə ikitərəfli ticarət dövriyyəsi dörd dəfə artsa da, hazırki iqtisadi əlaqələr mövcud qardaşlıq əlaqələrinə görə istənilən səviyyədə deyil. Dünən prezidentlər “Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzaladı, nümayəndə heyətlərinə lazımi tapşırıqlar verildi. Qarşıdakı mərhələdə sözügedən məsələ birbaşa dövlət başçılarının ciddi nəzarətində olacaq. Digər vacib məqam isə hərbi əməkdaşlıqdır. Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”i hərbi əməkdaşlığı genişləndirəcək və gücləndirəcək. Nəqliyyat sahəsində onu deyə bilərəm ki, Özbəkistan da Orta Dəhlizin önəmli hissəsi olan Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmaq və Avropa bazarına çıxarmaq istəyir. Azərbaycan da tranzit ölkə kimi qardaş ölkəmizin BTQ-yə qoşulmasında maraqlıdır”.

Teqlər: