Prezidentin xüsusi mesajı: Xankəndi üçün məhz 2024…

Prezidentin xüsusi mesajı: Xankəndi üçün məhz 2024…

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciəti müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixində bir ilk idi, çünki dövlət başçısı ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkənin xalqına müraciət edirdi.

Bu barədə AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal qeyd edib ki, Prezidentin müraciətində ən mühüm məqamlardan biri Xocalı və Xankəndi ilə bağlı verdiyi müjdədir:

“Dövlət başçısı bəyan etdi ki, bu il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək, eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Xocalıların öz evlərinə qayıdışı Xocalı soyqırımının dünyada tanınması məsələsinə xüsusilə təkan verəcək, çünki indiyə qədər soyqırım haqda xatirələrə istinad edilirdisə, bundan sonra Xocalının hər daşı, hər qayası bu soyqırımın canlı istinad nöqtəsi olacaq”.

A.Camal hesab edir ki, azərbaycanlıların Xankəndiyə qayıdışı isə Qarabağ məsələsinin tamamlanmasının son mərhələsi olacaq:

“Erməni sosial şəbəkələri və ictimai fikrini izləyənlər yaxşı bilir ki, Qarabağdan könüllü miqrasiya edən ermənilərin mütləq əksəriyyəti geri qayıtmaq fikrində deyil, hətta onların bir hissəsi heç Ermənistanda da qalmır və artıq 5 mindən çoxu xarici ölkələrə üz tutub. Ermənistan rəhbərliyi də Qarabağdan köçən erməniləri geri qaytarmaqda maraqlı deyil, əksinə, onları Zəngəzura yerləşdirmək üçün çalışır, çünki bu bölgədə əhalinin sayı kəskin azalıb. Rusiyalı politoloq Modest Kolerov ötən ay dəqiq rəqəmlər səsləndirmişdi, bildirmişdi ki, 1991-ci ildə bu ərazidə 42 min erməni yaşayırdısa, indi orda 7 min sakin qalıb və bu, Ermənistan hakimiyyəti üçün həyəcanvericidir. Hətta Xankəndiyə qayıtmaq istəyən erməni olsa belə, bu, yaxın vaxtlarda mümkün olmayacaq və ona qədər artıq azərbaycanlılar Xankəndidə tam şəkildə yerləşəcəklər. Bu baxımdan Prezident İlham Əliyev Xankəndi və Xocalıya qayıdışı 2024-cü il üçün prioritet elan etdi”.

A.Camal vurğulayıb ki, Prezident çıxışında həm Ermənistana, həm də ermənilərin Qərbdəki havadarlarına da xəbərdarlıq etdi:

“İkili standartların hökm sürdüyü Qərbə mesaj verdi ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz milli maraqlarına uyğun siyasətindən əl çəkməyəcək. Ermənistan rəhbərliyinə də mesaj verdi ki, baş verənlərdən dərs çıxarsın, bundan sonra Azərbaycanın qəzəbinə tuş gəlməsin. Sonda “Dəmir yumruğ”un hər zaman yerində olacağını deyən dövlət başçısı Azərbaycana qarşı mümkün təhlükələrə necə cavab veriləcəyini də göstərdi”.

Teqlər: