Xəbər verdiyimiz ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Fərrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adının verilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
AzerTimes xəbər verir ki, özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru olan Fərrux Zakirov 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlib.
Onun atası Özbəkistan SSR xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olub. O, bacı və qardaşları ilə birgə Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyüb.
Fərrux Zakirov 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.
“Yalla” qrupunun qurucusu olan sənət adamı Özbəkistanın Dövlət mükafatı laureatıdır. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri vəzifəsində çalışıb.
Sənətçi hazırda Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artistidir.