Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.
AzerTimes xəbər verir ki, o, 1980-ci ildə İmişlidə anadan olub.
1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.
2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.
Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.