Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərancamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
AzerTimes xəbər verir ki, Rüfət Əzizov əslən Masallı rayonunundandır.
1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olub. 2003-cü ildə isə buranı bitirib.
Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb.
2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olub (Chartered Scientist).
2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.
Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.
2 il (2003-2005) MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.
8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində işləyib.
2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə “BP-də İlin Mühəndisi” Mükafatına layiq görülüb.
2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal – Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.
Rüfət Əzizov həmçinin, Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də, Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir.
“Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir.
Müxtəlif illərdə təhsil və elmlə bağlı İJSO, İSEF və digər beynəlxalq yarışların juri üzvü qismində iştirak edib.
R.Əzizov 2021-ci ildən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.
Ailəlidir, 2 övladı var.