Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Qlobal Media Forumunda çıxışından gəlinən qənaət budur ki, Azərbaycan beynəlxalq aləmdə dostlarının və tərəfdaşlarının sayını çoxaldıb, müxtəlif regional təşkilatlarda ölkənin mənafeyi baxımından iştiraka marağı artıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Şuşada keçirilən İkinci Qlobal Media Forumunda Prezident Əliyevin çıxışı haqda qeyd edib.
“Dövlət başçısı Qərbə düşmən gözüylə baxan, “kollektiv Qərb” ifadəsini mənfi mənada hallandıranlara da yaxşı cavab verib. İlham Əliyev Avropa Parlamenti və Avropa Şurası, o cümlədən Fransa xaricində Azərbaycanın Qərblə münasibətlərində problemin olmadığını bu şəkildə dəyərləndirib: “Vaxt keçdikcə Qərbin siyasi dairələrində reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbədən 3 il sonra antiterror əməliyyatı ilə işğala və separatizmə birdəfəlik son qoydu. Gözləmək olardı ki, bu qələbəmizi həzm edə bilməyənlərin sayı çox olacaq, bizə təzyiq artacaq. Heç biri olmadı, kiçik istisnalar xaricində ərazimizdə separatizmə son qoymağımıza etiraz olmadı, əksinə, tərəfdaşlığa üstünlük verənlərin sayı artdı. Reallıq budur”, – o bildirib.