Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır – Deputat

“Prezident İlham Əliyevin torpaqlarımız işğaldan azad olunandan sonra ulu öndərin birinci ad günündə, 98-ci illiyində Naxçıvana səfər etməsi böyük əhəmiyyətə malikdir. Bu səfər həm də çox böyük rəmzi məna daşıyır. Cənab Prezident tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdə ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlməyi özünə mənəvi borc bildi: “İlk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Milli Məclisin deputatı Tamam Cəfərova AzerTimes-a bildirib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər dənəticəsini verməkdədir. Naxçıvan bu gün özünün inkişaf dövrünü yaşayır: “Qazlaşma, elektrik enerjisi ilə təminat 100 %-dir. Yol infrastrukturu keyfiyyətli icra olunub. Naxçıvanda bir çox sənaye, aqrar və turizm müəssisələri fəaliyyət göstərir.

Cənab Prezident Naxçıvana səfəri çərçivəsində bir çox obyektlərin açılışında iştirak etdi və bir sıra müəssisələrin tikintisi ilə tanış oldu. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi bu gün yüksək səviyyədə qorunur. Naxçıvan istehsal etdiyi məhsulları ilə demək olar ki, özünü təmin etməyə keçib. Tikintisi davam etdirilən və açılışı edilən müəssisələr də Naxçıvanın gələcək təminatının təhlükəsizliyinə xidmət edəcək. Xüsusilə su elektrik stansiyasının inşası bu bölgəmizin enerji asılılıığını aradan qaldıracaq. Naxçıvanda müasir innovasiyalara əsaslanmış iqtisadiyyat qurulur. Bu bölgədə ASAN xidməti və DOST mərkəzlərinin tikintisi Naxçıvanda da dövlət xidmətlərini müasirləşdirəcək.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı Dövlət Televiziyasına müsahibələri təsadüfi deyil. İlham Əliyev bu müsahibələr vasitəsilə müxtəlif dövlətlərə mesajlar göndərməyi lazım bilir. Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi. “Birincisi, İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”. İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunmasıyla bağlı açıqlamalar verirlər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?

İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabrda qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”

Üçüncüsü, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O, İrəvana getdi, Bakıya gəlmədi. Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki pozulub.
İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bir daha təkrarladı. Bu İlham Əliyevin həmsədr dövlətlərə – ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini və Bakının əvvəlki mövqeyindən geri çəkilməyəcəyini Naxçıvandan elan etmiş oldu.

Dördüncü, İlham Əliyev Zəngəzur üzərindən dəmir yolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Zəngilanı Naxçıvanla birləşdirəcək. Dəmir yolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmir yolunun Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı”.

Beşinçisi, İlham Əliyev Ermənistana mesaj yolladı: “Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik. … Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.”.

Teqlər: