Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin fevralın 26-da yerli və beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsi idi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, mətbuat konfransı həm müddətinə, həm də verilən sualların sayına görə dünyada bir ilk idi: “Cənab Prezident dünyada ilk dəfə olaraq 4 saat ərzində dayanmadan 50-yə yaxın suala səbrlə, təmkinlə cavab verdi, real vəziyyəti, Azərbaycanın mövqeyini aydın şəkildə, tutarlı arqumentlər əsasında izah etdi.

Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra yaranmış yeni reallıq, regiondakı vəziyyət, gələcək planlar barədə dünya ictimaiyyətni maraqlandıran suallar var idi. Cənab Prezident bütün bu suallara aydınlıq gətirdi, öz səlist natiqliyi, peşəkarlığı ilə Azərbaycanın qəti mövqeyini 4 dildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Xüsusilə, mətbuat konfransı zamanı cənab Prezident mühüm mesajlar verdi. Həm Ermənistanın, həm də onun havadarlarının diqqətinə çatdırdı ki, Qarabağ hər zaman Azərbaycanda bir nömrəli məsələ olub, bundan sonra da belə olacaq və Azərbaycan bütün məsələləri daim diqqətdə saxlayır. Eyni zamanda, dövlət başçısı Azərbaycanın ordusunu müasirləşdirdiyini, yeni müasir silahlar aldığını diqqətə çatdıraraq Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi”.

A.Hüseynov bildirib ki, mətbuat konfransının vaxtı da çox uğurla seçilmişdi: “26 fevral Xocalı soyqırımı günü dünya mətbuat nümayəndələrinin Azərbaycanda olması və xalqımızın başına gətirilən müsibətləri öz gözləri ilə görməsi, eyni zamanda onların işğaldan azad edilmiş ərazilərə səfəri və erməni vəhşilikləri ilə birbaşa tanış olmaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması üçün böyük əhəmiyyətə malik idi”.

Teqlər: