Xəbər - Elçin Mehdiyev – Trend:
Məlum olduğu kimi Prezident İlham Əliyev 26 fevral 2021-ci cil tarixində yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirib. Mətbuat konfransı xalqımız üçün olduqca önəmli bir gündə, Xocalı soyqırımı tarixində keçirildi. Düşünürəm ki, mətbuat konfransının tarixi olduqca uğurla seçilmişdi.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, mətbuat konfransı zamanı kifayət qədər vacib məsələlərə toxunulub, Azərbaycanın mövqeyi ölkə başçısı tərəfindən yenidən konkret olaraq ortaya qoyulub, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərilib:
“Birincisi, regionda baş verən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək edəcək. İkincisi, ölkə başçısı Qarabağ problemi ilə bağlı mövqeyi bir daha açıq ortaya qoydu.
Artıq belə bir problem yoxdur və həmin torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olub və bundan sonra da belə olacaq. Üçüncüsü, ermənilərin islamafob mövqeyi ilə bağlı idi. Əslində burada ölkə başçısı İslam ölkələrinə konkret bir mesaj verdi – məscidlərdə donuz saxlayaraq İslam dinini təhqir edən ölkədən İslam dövlətlərinə dost ola bilməz.
Növbəti bir məqam regionun gələcəyi ilə bağlıdır. Azərbaycan regionda həmişə olduğu kimi sülhün tərəfdarıdır və bunun daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək”.
Deputat qeyd edib ki, daha sonra diqqəti çəkən məqam Azərbaycanın güclü dövlət olduğunun mesajlarının verilməsidir. Azərbaycan problemi özü həll etdi və erməni vəhşiləri tərəfindən dağıdılmış torpaqları özü bərpa edəcək. Bu məsələdə yeganə rəqibimiz zamandır:
“Diqqəti çəkən məqamlardan biri də regiondakı sülhməramlılarla bağlı oldu. Dövlət başçısı sülhməramlıların fəaliyyəti, onların mandatı, görməli olduqları iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi.
Kifayət qədər vacib məqamlarla zəngin olan mətbuat konfransında eyni zamanda dil məsələsinə də toxunuldu. Ölkə başçısı açıq şəkildə bir daha ifadə etdi ki, Azərbaycanda yalnız bir dövlət dili var, o da Azərbaycan dilidir. Ölkəmizin digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş yerlərdə də yalnız bir dil, Azərbaycan dili olacaq.
Bütövlükdə mətbuat konfransı Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların və bu bölgənin gələcəyi ilə məqamların aydınlanması baxımdan kifayət qədər uğurlu oldu. Mən xüsusi olaraq ölkə başçısı, cənab Prezidentin mətbuat konfransı zamanı peşəkarlığına toxunmaq istərdim. Hələ 44 günlük Vətən müharibəsi zamanı biz cənab Prezidentin xarici media nümayəndələrinə verdiyi müsahibələr zamanı peşəkar mövqeyini görmüşdük. Fevralın 26-da baş tutan mətbuat konfransı zamanı da biz yenidən peşəkarlıq gördük. Hər tərəfli peşəkarlıq”.