Prezidentin köməkçisi Hikmət Hacıyev Pakistan televiziyasının rəhbərliyi ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Pakistanın nüfuzlu “BOL”
Media Qrupunun rəhbəri Ayşə Şeyxi, Qrupun Beynəlxalq Əlaqələr
Departamentinin rəhbəri Syed Savez Alini, eləcə də “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovu
qəbul edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən məlumata görə, görüşdə ötən gün AzTV və “BOL” Media
Qrupu arasında imzalanan Anlaşma Memorandumu və iki ölkə
xalqlarının dostluq və qardaşlıq münasibətlərinin təşviqi
məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin qeyd edilib ki, bu amillər iki ölkə arasında
bir sıra sahələrin, həmçinin informasiya texnologiyalarının
inkişafına kömək edəcək.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən
müharibəsində Pakistanın göstərdiyi dəstəyi yüksək
qiymətləndirir.

Prezidentin köməkçisi hazırda Qarabağda yenidənqurma və bərpa
işlərinin aparıldığını, ermənilərin bu bölgədə Azərbaycana məxsus
tarixi-mədəni irsi dağıtdığını və minalar döşədiyini qonaqların
diqqətinə çatdırıb. Onun sözlərinə görə, ermənilərin basdırdığı hər
minanın əvəzinə sevgi və xeyirxahlıq naminə ağac əkiləcək.

O da qeyd olunub ki, “BOL” Media Qrupu və “Azərbaycan Televiziya
və Radio Verilişləri” QSC-nin imzaladığı Anlaşma Memorandumu
vasitəsilə hər iki media qurumu arasında sənədli filmlərin,
verilişlərin mübadiləsi və mədəni əlaqələrin təşviqi, həmçinin
təlimlərin keçirilməsi nəzərdə tutulub.

Teqlər: