Cənab Prezidentin İtaliyaya növbəti səfəri diplomatik münasibətlərin qurulmasının 30-cu ilinə təsadüf edir. Səfər Roma ilə münasibətlərin Vətən müharibəsindən sonra keyfiyyətcə yeni mərhələyə qaldırılması ilə bağlıdır. İtaliya müharibə zamanı ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edib. Azərbaycan isə onu çətin zamanda dəstəkləyən dost ölkələri bölgəmizdə yeni geosiyasi reallıqların formalaşdığı hazırkı məqamda yanında görmək istəyir.
Bu sözləri AzerTimes-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, G7 və AB üzvü olan İtaliya ilə əlaqələrin inkişafı beynəlxalq səviyyədə Azərbaycanın gücünü və imkanlarını artıracaq:
“44 günlük müharibə bizə eyni zamanda dostlarımızın kim olduğunu göstərdi. G7 ölkəsi və və AB üzvü olan İtaliyanın ölkəmizə qarşı münasibətdə sərgilədiyi mövqe rəsmi Bakı üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə İtaliya ilə Qarabağda və Şərqi Zəngəzurda müştərək layihələrin həyata keçirilməsi də mümkündür. Bildiyimiz kimi, ölkə başçısının səfəri çərçivəsində həm də “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin icrası məsələsi müzakirə ediləcək. Ölkələrimiz arasında ciddi iqtisadi əlaqələr mövcuddur. Cari ildə ölkələrimiz arasında 11 milyard dollar civarında ticarət dövriyyəsi olub. Bu göstərici pandemiyadan öncəki dövrlə müqayisədə də çox yüksəkdir. Digər tərəfdən enerji sahəsində əməkdaşlıq, fikrimcə, əsas müzakirə mövzularından olacaq. Hazırda İtaliya ölkəmizdən Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində böyük miqdarda neft və qaz alır. Azərbaycan İtaliyanın neftə olan ehtiyacının ödənməsində birinci, qaza olan ehtiyacının ödənməsində üçüncü sıradadır. Eyni zamanda TAP kəməri ilə İtaliyanın təbii qaza olan tələbatının 10 faizi qarşılanır. Ölkə başçısı həm də “The European House – Ambrosetti” düşüncə mərkəzinin Çernobbio şəhərində keçirəcəyi 48-ci forumda iştirak edəcək. Məlumat üçün bildirim ki, sözügedən mərkəz dünyanın ən önəmli beyin mərkəzlərindəndir və ənənəvi olaraq hər il keçirilən forumlara çoxlu sayda dövlət rəsmisi, böyük şirkətlərin nümayəndələri və başqaları qatılır. İlham Əliyevin də forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı olacaq. Ümumiyyətlə isə dünyada baş verən son hadisələr fonunda qeyd etmək istəyirəm ki, artıq qlobal səviyyədə böyük dəyişiklərin və yeni dövrün astanasındayıq. Avropanın yeni dövrə güclü şəkildə daxil olmaq və böyümək üçün enerji təhlükəsizliyini təmin etməsinə ehtiyacı var. Azərbaycan isə Vətən müharibəsində qazandığı qələbə, sahib olduğu enerji resursları və artıq demək olar ki, otuz ildir enerji sahəsində sabit şəkildə davam edən əlaqələri ilə özünü güclü və etibarlı tərəfdaş kimi göstərib. Düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun artması ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu milli mənafelərimizin qlobal səviyyədə daha yaxşı qorunması üçün bizə əlavə imkanlar verəcək”.