Xəbər - Elçin Mehdiyev – Trend:
Bu il Azərbaycan xalqı Novruz bayramını tamam fəqrli ab-havada keçirir. Xalqımızın ən böyük arzusu artıq gerçəkləşib, Azərbaycan öz ərazi bütövlüyünə qovuşub. Ölkə başçısı bu il xalqımızı məhz Azərbaycanın qədim şəhəri Şuşadan, Cıdır düzündən təbrik etdi. Şuşa işğal olunanda Azərbaycan xalqı nə qədər dərin mənəvi sarsıntı, böyük ağrı-acı yaşamışdısa, bu qədim Azərbaycan şəhərinin azad olunması ilə xalqımız bir o qədər çox mənəvi rahatlıq tapdı, qürür hissi keçirdi.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, təbii bu qüruru bizə yaşadan müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusudur:
“Prezident İlham Əliyev hakimiyyətinin ilk günündən Azərbaycanın ərazi bütövlüyünün bərpasına çalışırdı və Ali Baş Komandan buna nail oldu. Əslində ölkə başçısının fəaliyyətini təhlil etdikdə görərik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkə başçısının siyasəsitinin mərkəzində dayanmışdı.
Obrazlı şəkildə ifadə etsək deyə bilərik ki, fəaliyyətin bütün sahələrində Qarabağ var idi. Ölkənin maliyyə dayanıqlılığını təmin edən güclü iqtisadiyyat, ordunun daim gücləndirilməsi və müasir döyüş silahları ilə təmin edilməsi, vətənpərvər və Azərbaycançılıq ideyası ilə yetişən gənc nəsil, peşəkar diplomatik əlaqələr və strateji tərəfdaşlıq müqavilələri, Azərbaycanın, xüsusilə işğal altında olan ərazilərdəki mədəni abidələrin dünyada təbliği, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi zamanı Azərbaycan reallıqlarının təbliği və.s bütün bu sahələrdəki fəaliyyət addım-addım bizi işğal altında olan torpaqlara aparırdı.
Düşünürəm ki, biz torpaqlarımızın işğaldan azad olunmasını iki mərhələyə bölməliyik. Birinci mərhələ Vətən müharibəsinə qədər olan dövr, ikinci mərhələ isə Vətən müharibəsi dövrü. Hər iki dövrün ortaq cəhətini bir sözlə ifadə etsək, bu, peşəkrlıq olardı. Hesab edirəm ki, gələcəkdə araşdırmaçılar hər iki dövrü təhli edəcək, bu sahədə yaxşı elmi məqalələr, o cümlədən dərsikliklər ərsəyə gələcək.
Mən burada xüsusi bir məsələyə, Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinə və Vətən müharibəsi zamanı göstərdikləri şücaətə toxunmaq istərdim. Müharibəyə qədərki dövrdə düşmən mümkün olan bütün vasitələrlə Azərbaycan gənclərinin vətənpərvərlik duyğularına təsir göstərməyə və belə bir təəssürat yaratmağa çalışırdı ki, sanki Azərbaycanda yetişən gənc nəsil artıq Qarabağı unudub. Bunun üçün özlərinin maliyə dəstəkləri göstərdikləri bir sıra beynəlxalq təşkilatların xidmətlərindən də istifadə edirdilər. Lakin onların bütün bu təbliğatları puç oldu. Azərbaycançlıq ideyaları ilə yetişən gənc nəsil Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında sıx birləşdi və torpaqlarımızın işğaldan azad olunmasında böyük şücaət göstərdilər”.
Deputat bildirib ki, döyüşlərdə iştirak edən bu gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik oldu: “Qloballaşma dövründə milli kimliyin qorunması, buna uyğun gənc nəslin yetişdirilməsi kifayət qədər çətindir. Biz deyə bilərik ki, Prezident İlham Əliyev bunu bacardı. İndi isə Azərbaycan və bütövlükdə region üçün yeni mənzərə yaranıb. Mən əminəm ki, Azərbaycan gəncləri yaranmış bu yeni şəraitdə öz bilik, bacarıq və vətənpərvərliklərini ortaya qoyacaqlar”.