Prezidentimizin Novruz tonqallarını Qarabağda alovlandırması ənənəyə çevrilir – Kamaləddin Qafarov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan
qəsəbəsinə səfər ediblər. Dövlət başçımızın işğaldan azad edilmiş
bu bölgəyə səfəri də bir neçə açılış və təməlqoyma mərasimləri ilə
əlamətdar olub. İlk növbədə, Suqovuşan qəsəbəsində yeni tikiləcək
məscidin təməlinin qoyulması xüsusi qeyd olunmalıdır. Məlumdur ki,
işğal dövründə ermənilər İslam dini abidələri, o cümlədən
məscidlər, türbələr və digər inanc yerlərini xüsusi amansızlıqla
dağıdıblar. Qarabağ ərazisində rəsmi fəaliyyət göstərmiş 67
məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala
salınıb. Bu misli görünməmiş vandalizm aktları bir daha erməni
işğalçılarının vəhşi xislətini tam çılpaqlığı ilə bütün dünyaya
nümayiş etdirmiş oldu. Lakin bu gün Azərbaycan işğaldan azad
olunmuş ərazilərində bərpa-quruculuq işlərini böyük vüsətlə həyata
keçirməkdədir. Prezident İlham Əliyevin göstərişi ilə hazırda
Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda,
Laçında digər tarixi-mədəni abidələrimizlə yanaşı, məscidlərimizin
də bərpası və ya yenidən inşası həyata keçirilir. Ölkə Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun
Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlqoyma
mərasimində iştirak etməklə xalqımızın və dövlətimizin öz milli
adət-ənənələrinə, dini etiqadına və mənəvi irsinə sədaqətini
yenidən vurğulamış oldular.

Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: “Suqovuşan qəsəbəsində Müdafiə
Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı xüsusi əhəmiyyət
kəsb edən bir məsələdir. Azərbaycanın iqtisadi gücü və dövlət
başçısının siyasi iradəsi işğaldan azad edilən ərazilərdə hərbi
hissələrin yaradılmasını və onların ən müasir texnikalarla
təchizatını mümkün edir. Ən önəmli məqamlardan biri də budur ki,
ölkə ictimaiyyəti, bütün xalqımız dövlətin bu siyasətini birmənalı
şəkildə dəstəkləyir”.

Milli Məclisin deputatı işğaldan azad olunmuş ərazilərdə idman
və turizm kimi sahələrin də inkişaf etdirilməsinin vacibliyini və
bu istiqamətdə mühüm addımlar atıldığını vurğulayayıb: “Tərtər
rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası
əsasında yaradılacaq turizm kompleksinin təməlqoyma mərasimində
dövlət başçımız şəxsən iştirak etmişdir. Əlbəttə ki, işğaldan azad
olunmuş ərazilərdə idmanın inkişaf etdirilməsi də xüsusi əhəmiyyət
kəsb edən bir istiqamətdir. Belə ki, xüsusən gənc nəslin sağlam və
vətənpərvər ruhda formalaşmasında idmanın rolu olduqca önəmlidir.
Ölkədə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində
saxlayan Prezident İlham Əliyev bu siyasətin işğaldan azad olunmuş
ərazilərdə də uğurla həyata keçirilməsinə ciddi şəkildə nəzarət
edir. Bu baxımdan, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk
avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı da ölkəmizin idman
həyatında mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi qeyd
olunmalıdır”.

Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz bayramı
münasibətilə ünvanladığı təbrik çıxışının, eyni zamanda,
insanlarımızın yaradıcı ruhunun daha da yüksəlməsi üçün ən güclü
stimul, həm də düşmənlərimizə ünvanlanmış növbəti sərt xəbərdarlıq
mesajı olduğunu vurğulayan Kamaləddin Qafarov deyib: “Ölkə
Prezidenti İlham Əliyevin Suqovuşan qəsəbəsindən Novruz bayramı
münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti həm
mənəvi, həm də siyasi aspektdən mühüm əhəmiyyət kəsb edən bir
çıxışdır. Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa
çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın Novruz bayramlarını işğaldan azad olunmuş ərazilərdə
qarşılamaları artıq bir ənənəyə çevrilir. Hamımız gözəl
xatırlayırıq ki, ötən il dövlət başçısı bayram tonqalını Şuşada,
Cıdır düzündə qalamışdı. Bu il isə bayram tonqalı Tərtər rayonunun
Suqovuşan qəsəbəsində alovlandırıldı. Dövlət başçımızın xalqa
ünvanladığı təbrik çıxışında da qeyd etdiyi kimi, Suqovuşan qədim
Azərbaycanın tarixi ərazisidir. Azərbaycan xalqı bu ərazilərdə və
bütün Qarabağda əsrlər boyu yaşayıb. Bu gün bütün Qarabağ və Şərqi
Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır,
şəhərlər, kəndlər yenidən qurulur. Dövlət başçımızın dediyi kimi,
bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi
iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli
həmrəylik ən yüksək zirvədədir və şanlı tarixi Zəfərimiz hər
birimiz üçün qürur mənbəyidir. Öz çıxışında Prezident İlham Əliyev
xüsusi olaraq qeyd etdi ki, bu gün bütün bölgədə sülhün və
təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan
Silahlı Qüvvələridir. Bu bəyanatı, ilk növbədə, erməni
separatizmini, erməni faşizmini hələ də dirçəltməyə çalışan
qüvvələr diqqətə almalıdırlar. Onlar birdəfəlik bilməlidirlər ki,
Azərbaycana qarşı hər hansı ərazi iddiaları Ermənistan üçün ən ağır
nəticələrə səbəb ola bilər”.

Teqlər: