Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak ediblər

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər
rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə
təlim-məşq toplantısının rəsmi açılışı olub.

Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak
ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar
Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın
gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş
etdirildi.

Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda
1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman
növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin
diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət
göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza
baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə
2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə
çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün
coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb
etməkdir.

Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında
istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki,
avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik
avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə
aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər.
Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron
şəkildə hərəkət etdirilir.

Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını
bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal
konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner
açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq
prosesinə başladılar.

Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq
şousunu izlədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə
hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə
Federasiyasına təqdim etdi.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan
azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda
qaldı.

Teqlər: