Prezidenti İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət
və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının
həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.

Trend xəbər verir ki, nazir və Dövlət Komissiyasının həmsədri
Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını
dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Seyid İbrahim Rəisiyə
çatdırmağı xahiş etdi.

Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı
imkanlar yaratdığı qeyd edildi. Xüsusilə nəqliyyat sahəsində bu gün
imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında İran İslam Respublikasının
ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni
kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma
Memorandumunun önəmi vurğulandı. Bu, dostluq əlaqələrimizin
təzahürü kimi dəyərləndirildi və onun imzalanmasının yeni nəqliyyat
yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olundu. Yeni
dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir
beynəlxalq dəhliz olacağı qeyd edildi. Vurğulandı ki, bu gün
Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat
yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və
bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq
üçün gözəl zəmin yaradacaq.

Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə
başlamalarından məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində
ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də
beynəlxalq səviyyədə önəmi bildirildi. Bu baxımdan aviareyslərin
həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.

Teqlər: