Prezidentdən veteranlarla bağlı mühüm sərəncam

Prezidentdən veteranlarla bağlı mühüm sərəncam

Yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Nazirlər Kabinetinə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncam 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Teqlər: