Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
AzerTimes xəbər verir ki, fərmanda qeyd olunur: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 3-1.2-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur.
2. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 589) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndə “2.2-ci,” sözlərindən sonra “3-1.2-ci (hər iki halda),” sözləri əlavə edilsin;
2.2. 1.2-ci bəndə “Qanunun” sözündən sonra “3-1.2-ci (birinci halda),” sözləri əlavə edilsin;
2.3. 1.4-cü bəndə “1.2-ci,” sözlərindən sonra “3-1.2-ci (ikinci halda),” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.