Prezident İlham Əliyev bu gün keçirdiyi 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışarkən, Daxili İşlər Nazirliyinin fəaliyyətini xüsusi olaraq fərqləndirdi.
AzerTimes xəbər verir ki, Prezidentin heç bir sözü, ifadəni təsadüfən işlətmədiyini nəzərə alsaq, “Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi” cümləsi mühüm əhəmiyyət kəsb edir.
Belə ki, Prezident adını çəkdiyi, çəkmədiyi bütün qurumlara bu sözlə ismarış verdi: “Yeganə olaraq özünü ləyaqətlə aparan…”
Bu, Azərbaycan polisinə Prezidentin verdiyi möhtəşəm dəstəkdir və hesab etmirik ki, bu dəstəyin səbəbi yalnız və yalnız Söyüdlü hadisələri ilə bağlıdır.
Azərbaycan polisi öz imkanlarından dövlətin milli təhlükəsizliyində də maksimum istifadə edir. Təsadüfi deyil ki, Prezident məxsusi olaraq Daxili Qoşunların Qarabağda müharibə zamanı xidmətlərini yada saldı.
Azərbaycan polisi xüsusilə son aylarda İrana bağlı şəxslərin-casusların ifşa edilməsi, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı təhdidlərə qarşı mübarizəyə də mühüm töhfələr verir.
Yol hərəkəti qaydalarının pozulması, avtoşluqdan tutmuş qətl-qarət, cinayətkarlıq, xuliqanlıq, narkotik dövriyyəsi, ictimai narahatlıq yaradan istənilən hərəkət, oğurluq, hətta ailə münaqişələri, qonşu mübahisələri, itkin düşmələr, bağçada şiddət, internatda qeyri-normal davranış və s. hər yerdə polis görünür.
Bayramlar – ilk olaraq polis ən yüksək hazırlıq səviyyəsinə gətirilir;
Ölkədəki mühüm tədbirlər – polislər bütün keçidlərdə, yollardadır.
Hansısa qurumdan narazı olub, özünə xətər yetirmək istəyəni də xilas edən də, qapını sındırıb içəri girən qazini qucaqlayıb, ovunduran da polisdir…
Günlərlə evinə gedə bilməyən, yayın istisində başından papağı çıxarmaq səlahiyyəti olmadan qızmar günün altında saatlarla dayanıb, xidmət aparan polislərdir: ictimai asayişin onurğa sütunları…
Əlbəttə polisin də daxilində neqativ hərəkətlərə yol verənlər olub, var, olacaq, onlara qarşı DİN rəhbərliyinin qəti mövqeyi də ortadadır.
Ancaq istisnalar bu sistemi bütövlükdə ləkələmək üçün heç kimə əsas vermir.
Prezident də elə bunu dedi: “İndi kimsə gəlsin, polisə ləkə vursun – mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin – təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”.