Prezidentdən BNA ilə bağlı qərar: 1 sərəncam, 1 fərman

Prezidentdən BNA ilə bağlı qərar: 1 sərəncam, 1 fərman

18:17

Azərbaycanda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır.

AzerTimes xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə aşağıdakı tərkibdə Nəqliyyatı Əlaqələndirmə Şurası (bundan sonra – Şura) yaradılır:

Şuranın sədri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində:

2.1.1. Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana görə, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına veriib.

Bakı inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Teqlər: