Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir.
AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Transxəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən bildirib.
“Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır – geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu – bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir”, – deyə dövlət başçısı qeyd edib.
Prezident deyib:
“Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil”.