Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar.
AzerTimes xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
“Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi. Yəni, ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Onlar hesab edirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt o ərazilərdə hər hansı bir əməliyyat aparmayacaq. Biz bu mifologiyanı da darmadağın etdik. Bu, bizim ərazimizdir və orada ciddi əməliyyat aparmamağımızın səbəbi ondan ibarət deyil ki, kimdənsə qorxuruq, sadəcə olaraq, biz hesab edirik ki, indi istədiyimizə siyasi yollarla nail olmalıyıq. Əfsuslar olsun ki, o, dərs olmadı və Sarıbaba, Qırxqız və digər istiqamətlərdə çox genişmiqyaslı minalama prosesi gedirdi. O minaların hamısı aşkarlandı və 2021-ci ilin Ermənistan istehsalı olan minalar ora necə gəlib çıxdı? Bax, bu suala bu günə qədər Rusiya sülhməramlı qüvvələri cavab verə bilmirlər. Nə cavab verəcəklər? Biz hətta onları da oraya dəvət etdik. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və göstərdik ki, gəlin baxın, ərazimizə necə keçib, kim daşıyıb, kim buna cavabdehlik daşıyır? Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən “Qisas” əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbçimizi qətlə yetirmişdilər, şəhidimiz olmuşdu və bir daha gücümüzü göstərməli olduq. Hesab edirdik ki, nəhayət bu, dərs olacaq, yenə də dərs olmadı və sentyabr toqquşmaları qaçılmaz olmuşdu”, – deyə dövlət başçısı bildirib.