İbrahim Rəisinin ölümündən sonra prezidentliyə mümkün namizədlərlə bağlı fərziyyələr getdikcə artır. Belə ki, “prezidentlik üçün mümkün variantlar” bir çox medianın mühüm mövzularından və başlıqlarından birinə çevrildi.
Bəzi yerli KİV-lər Məsud Pezeşkian, Məhəmməd Bagir Qalibaf, Əli Şamxani, Məhəmməd Müxbir, Məhəmməd Cavad Zərif, Əli Laricani, Mahmud Əhmədinejad, Həsən Ruhani, Əbdül Nasir Hemti, Pərviz Fəttah və Möhsün Rzayi kimi şəxsləri prezidentliyə mümkün namizədlər kimi qeyd ediblər.
Ümumi durumu dəyərləndirsək, Rəisidən sonra prezident vəzifəsinə gələcək şəxsin kimliyi siyasi şəxsiyyətlərin bu vəzifəyə layiq olub-olmamasından daha çox, onların siyasi mövqelərindən və hansı cərəyana bağlı olmasından asılıdır. Digər önəmli namizədlərdən biri də İran parlamentinin millət vəkili Məsud Pezeşkiandır. Pezeşkian islahatçı düşərgənin önəmli simalarından sayılır. İranda hakimiyyəti bütün çıxışlarında, hətta parlamentin tribunasında ciddi tənqid edən şəxsiyyətdir. Ötən prezident seçkilərində namizədliyi qeydə alınmasa da, sonuncu parlament seçkilərində millət vəkilliyinə namizədliyi qeydə alınıb. İndiyə qədər Pezeşkianın adı heç bir insidentdə hallanmayıb. İslahatçı olmasına baxmayaraq, mühafizəkar və liberallar tərəfindən də qəbul olunan şəxs sayılır. Lakin mühafizəkar qrupun onun namizədliyinin qeydə alınmasına maneələr yaratma ehtimalı yüksəkdir.
İran daxilində islahatçı, mühafizəkar və liberal qüvvələr daim rəqabətdədir. Lakin son illərdə ölkənin bütün təsiredici qurumlarını mühafizəkarlar ələ keçirdiyindən, gələcək prezidentin də məhz mühafizəkarlardan seçiləcəyi ehtimalı yüksəkdir.
Prezident seçkilərində iki dəfə uğursuz çıxış edən Məhəmməd Bagir Qalibafın 11-ci parlamentin sədri kimi səlahiyyət müddəti də başa çatmaq üzrədir. Mühafizəkar qruplaşma daxilindəki rəqabəti nəzərə alsaq, onun prezident seçilə bilməsi çətin görünür. Elə 12-ci parlamentin sədri olması ehtimalı da zəifdir.
Qalibaf indi prezidentlik üçün vacib variantlardan biri kimi qeyd edilir, lakin onun rəqabət meydanına girməsi ilə ailəsinin maliyyə korrupsiyası ilə bağlı ifşalarının yenidən gündəmə gətiriləcəyi və namizədliyinin Mühafizəçilər Şurası tərəfindən qeydə alınmayacağı ehtimal edilir.
Əli Şamxani isə Məhəmməd Xatəminin prezidentliyi dövründə müdafiə naziri, Ali Milli Təhlükəsizlik Şurasının katibi və İnqilab Keşikçiləri Korpusunun baş komandanı olub. Dəfələrlə Şamxaninin ailə üzvlərinin adı rüşvətdə hallandırılıb.
Qərblə nüvə razılaşmasından sonra mühafizəkarların tənqid hədəfinə çevrilən Həsən Ruhaninin prezidentliyi dövründə xarici işlər naziri olan Məhəmməd Cavad Zərif də prezident postuna mümkün namizədlərdən biridir. Zərif son aylardakı çıxışlarında mötədillik nümayiş etdirir və Əli Xameneinin tam yanında olduğunu bildirir. Hətta İbrahim Rəisinin helikopterinin qəzaya uğramasını ABŞ ilə əlaqələndirən Zərifin prezidentliyə namizəd olma ehtimalı var.
Həsən Ruhani, Mahmud Əhmədinejad və Əli Laricani növbəti prezident seçkilərinə digər mümkün namizədlərdir. Hər üçünün əvvəlki seçkilərdə namizədlikləri qeydə alınmamışdı. Həsən Ruhaninin Ekspertlər Məclisinə, Əhmədinejad və Laricaninin isə prezidentliyə namizədlikləri ləğv edilmişdi.
Qeyd edək ki, keçmiş spiker Əli Laricaninin Keşikçilər Şurası filtrindən keçmək şansı Ruhani və Əhmədinejaddan daha çoxdur.
Mərkəzi Bankın keçmiş rəhbəri, İbrahim Rəisinin prezident seçkiləri dövründəki rəqibi Əbdül Nasir Himməti də mümkün namizədlərdən biridir. Himməti ötən prezident seçkilərində də iştirak etmişdi. Lakin ciddi nailiyyət əldə edə bilməmişdi.
Mühafizəkar qrupun tanınmış simalarından olan Pərviz Fəttah və Məqsəd Şurasının üzvü Möhsün Rzainin adları da namizədlər arasında ola bilər. Möhsün Rzai bir neçə dəfə prezident seçkilərində iştirak edib və uğur qazanmayıb.
Adları çəkilən şəxslərdən başqa İbrahim Rəisinin yaxınlarının da prezident seçkilərində namizədliyi mümkündür. Bəzi KİV-lər meydanlara “Rəisinin yolunun davamı” şüarı ilə çıxış edən şəxslərin gələ biləcəyini yazıb. Hazırkı mədəni irs, turizm və sənətkarlıq naziri Ezzatullah Zərğami, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş da bu variantlar arasındadır.
Önəmli namizədlərdən biri də Rəisinin birinci müavini Məhəmməd Müxbirdir. Onun şansı digər namizədlərdən daha yüksəkdir. Müxbir həm prezident səlahiyyətlərini icra edir, həm də İran rəhbəri Əli Xamenei onun müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməsini təsdiqləyib.