Bu gün İran tarixinin ən böyük və izdihamlı etiraz aksiyasının keçirilməsinin ildönümüdür.
AzerTimes xəbər verir ki, bu aksiya 14 iyun 2010-cu il tarixində prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilib.
Prezident seçkilərində böyük səs fərqi ilə qalib gələn Yaşıllar Hərəkatının namizədi, təbrizli siyasətçi, keçmiş Baş nazir Mir Hüseyn Musəvi İran xalqını nəticələrin saxtalaşdırılmasına və Əli Xameneinin Mahmud Əhmədinejadı prezident elan etməsinə qarşı nümayişə çağırıb.
Bir neçə saat ərzində Tehranın müxtəlif bölgələrində formalaşan və mərkəzi bölgədə birləşən etirazçıların sayı 3 milyon nəfərə çatıb.
“Mənim təklif etdiyim həll yolu saxtalaşdırılmış seçkini ləğv etməkdir, əks halda millətin hakimiyyətə və sistemə olan inamından heç nə qalmayacaq”, – təbrizli siyasətçi nümayişdəki çıxışında hakimiyyət qarşısında tələb irəli sürüb.
Təkliflə razılaşmayan hakimiyyət nümayişçilərə qarşı geniş hücum əməliyyatına başlayıb. Hökumətin rəsmi məlumatına görə, etiraz aksiyasının yatırılması zamanı 7 nəfər ölub, 29 nəfər yaralanıb.
Qeyri-rəsmi məlmatlara görə isə onlarla etirazçı öldürülüb, yüzlərlə insan yaralanıb və minlərlə narazı həbs edilib, onlardan bir neçəsi həbsxanada işgəncə altında həyatını itirib.
Mir Hüseyn Musəvi və prezidentliyə digər namizəd Mehdi Kərrubinin seçki qərargahlarının yaratdığı Müşahidə Komitəsi hökumət məmurlarıının öldürdüyü 72 nəfərin kimliyini müəyyənləşdirərək elan edib.
Həmin günün axşamı seçklərin nəticələrinə etiraz olaraq dərsləri dayandıran tələbələrə qarşı repressiya başlayıb. SEPAH, “Bəsic” və təhlükəsizlik məmurlarının Tehran Universitetinə hücumu nəticəsində 5 tələbə həyatını itirib, onlarla tələbə yaralanıb və çox sayda tələbə həbs edilib.
İzdihamlı nümayişdən sonra qorxuya düşən İran rəhbəri Əli Xamenei Mir Hüseyn Musəvini qəbul edib, ondan seçkilərin nəticəsini və Mahmud Əhmədinejadın qələbəsini qəbul etməsini istəyib.
Xameneinin tələbini rədd edən Musəviyə qarşı təzyiqlər başlayıb. O, iğtişaş törətmək və ölkənin milli təhlükəsizliyinə xələl gətirməkdə günahlandırılaraq, ev dustaqlığına məhkum edilib. Bu cəza hazırda da davam edir.
Seçki nəticələrinin saxtalaşdırılması və narazılara qarşı repressiyalar beynəlxalq miqyasda da etirazlarla qaşılaşıb.
BMT-nin o dövrdəki Baş katibi Pan Gi Mun İran hökumətinin repressiyalarını pisləyib, rəsmi Tehranı İran xalqının iradə və seçiminə hörmətlə yanaşmağı tələb edib.
Dünya mediası və bir çox siyasətçi 14 iyun (25 xordad) aksiyasını İran tarixinin “siyasi zəlzələsi” kimi dəyərləndiriblər.