Prezident Polşada səfərdədir

Prezident Polşada səfərdədir

Prezident İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gedib.  

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin və Polşa prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Varşavada sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.

azerbaijan-poland

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Prezident İlham Əliyev və Prezident Andjey Duda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.

“2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın müdafiə nazirinin müavini Tomaş Ştatlovski imzaladılar.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın energetika nazirinin müavini Mixal Kurtika imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastruktur və Tikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Polşanın infrastruktur və tikinti naziri Andjey Adamçek və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrubarçek imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və Polşanın Elm və Texnologiya Universitetinin prorektoru Yeje Lis imzaladılar.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski imzaladılar.