16:31
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.
AzerTimes xəbər verir ki, Baxtiyor Saidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı Prezident İlham Əliyevə salamlarını çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.
Baxtiyor Saidov Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrliyi və nazirlər görüşünün uğurla keçirilməsi münasibətilə təbriklərini ifadə etdi. O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə saxlanıldığını vurğuladı.
Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirdi, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd etdi.
Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.