Xəbər - Samir Əli – Trend:
Qarabağ zəfərindən sonra prezident İlham Əliyevin Naxçıvan səfəri 2003-cü ildən sonra bu istiqamətdə tez -tez təkrarlanan səfərlər zəncirində özünün fərqli məzmunu ilə seçilir.
Bunu AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Prezident 44 günlük müharibədən sonra regiondakı yeni reallıqlardan birinin ağır blokadada inkişaf edən Naxçıvan faktorundan ibarət olduğunu nümayiş etdirdi: “Azərbaycan Prezidenti göstərdi ki, Naxçıvan Azərbaycanın əsas hissəsi ilə kommunikativ olaraq birləşdirilməsə Vətən müharibəsindən sonrakı yeni reallıqların tamlığından danışmaq olmaz. Prezidentin bu səfəri Naxçıvanın böyük potensialının həm müharibədə əhəmiyyətli rol oynadığını göstərdi, həm də regiondakı yeni reallıqlar baxımından əvəzsiz təsirlərə malik olacağını təsdiqlədi.
Prezident İlham Əliyevi Zəngəzur dəhlizi ilə Naxçıvana ayaq basmış ilk sərnişin də saymaq olar. Azərbaycan Prezidenti məlum beynəlxalq ünvanlara münaqişənin artıq həll edildiyi barədə daha qəti mesajlar verdi. Prezident İlham Əliyev Naxçıvanda 10 noyabr sənədinin ilk dəfə olaraq yeni strateji keyfiyyətini açdı. İlham Əliyev 10 noyabr sənədinin tək barışıq yox, daha geniş mənada münaqişənin həll sənədi olduğunu bəyan etdi. Prezidentimiz Naxçıvanın blokadadan çıxışına nəyin bahasına olsa da nail olunacağını müstəsna inamla nümayiş etdirdi. Prezident İlham Əliyevin xüsusilə də Naxçıvanın inkişaf və güc göstəricilərini qabartması təsadüfi xarakter daşımır”.
Baş redaktor bildirib ki, Naxçıvanın böyük iqtisadi-sosial inkişafı, Ordubada qədərki avtomobil və dəmiryolunun yüksək vəziyyətdə olması barədə Prezidentin bəyanatları Zəngəzur dəhlizi ilə bağlı heç bir güzəştin olmayacağını göstərir: “Bütün dünyaya nümayiş etdirildi ki, Horadizdən Ağbəndə, Mehridən Naxçıvana qədərki Zəngəzur dəhlizinin iki mühüm hissəsi artıq hazırlanıb və bunu Azərbaycan Prezidenti hazırlayıb. Prezidentin sözlərinə istinad etsək, dəhlizin işləməsi üçün qalan cəmi 40 kilometrlik hissənin hazırlanması birmənalı olaraq Ermənistanın məsuliyyətinə daxildir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi aerodromu və digər infrastrukturları Zəngəzur dəhlizinin o biri başında hərbi-iqtisadi cəhətdən hətta Ermənistanın özündən güclü bir qüvvənin dayandığını göstərdi. Prezident İlham Əliyev ortada Ermənistan adlı “zəifbəndin ” mövcudluğu şərtilə Zəngəzur dəhlizinin hər iki ucunda iki böyük qüvvənin olduğunu misilsiz ustalıqla ortaya qoydu. Prezidentin ” Naxçıvanda ümumi daxili məhsul on dəfə artıb” bəyanatının adi statistika yox, uzaq hədəfə açılmış atəş olduğuna söz yoxdur”.
Siyasi ekspert deyib ki, Prezident Naxçıvana bu gedişi ilə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafında yeni mərhələ açacağını göstərdi.