Prezident Messiyə görə nazir müavinini işdən qovdu

Prezident Messiyə görə nazir müavinini işdən qovdu

Argentinanın idman nazirinin müavini Xulio Qarro ölkəsinin futbol üzrə milli komandasının kapitanı Lionel Messini Fransa millisinin futbolçularına ünvanlanan irqçi mahnıya görə üzr istəməyə çağırdığı üçün işdən çıxarılıb.

AzerTimes xəbər verir ki, bu barədə Argentina Prezidenti Ofisinin mətbuat xidməti X səhifəsində məlumat yayıb.

“Prezident Ofisi hesab edir ki, heç bir hökumət dünya çempionu və Amerika Kubokunun ikiqat qalibi olan Argentina millisinə nə deyəcəyini, nə düşünəcəyini və ya nə edəcəyini deyə bilməz. Bu səbəbdən Xulio Qarro artıq idman nazirinin müavini deyil”, – məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 15-nə keçən gecə Argentina millisi Amerika kubokunun finalında Kolumbiyaya qalib gəlib (1:0). Oyundan sonra argentinalı yarımmüdafiəçi Enzo Fernandes milli komandanın avtobusundan İnstaqramda canlı yayıma çıxıb. Yayımda argentinalıların Fransa millisi haqqında irqçi mahnı oxuması eşidilib. Xüsusilə, mahnıda bu sözlər var: “Onlar Fransa üçün oynayırlar, lakin Anqoladandırlar” və “Onların anası nigeriyalıdır, atası kambocalıdır, lakin pasportlarında Fransa yazılıb”. Argentinalı azarkeşlər də eyni mahnını oxuyublar. Mahnıda Fransa yığmasının lideri Mbappenin ünvanına da təhqirlər yer alıb.

Fransa Futbol Federasiyası Argentina millisinin futbolçularını və azarkeşlərini bu mahnını oxuduqlarına görə qınayıb. Federasiya Argentina Federasiyası və FİFA ilə birbaşa əlaqə saxlamaq, eləcə də irqi təhqiredici və ayrı-seçkilik xarakterli fikirlərə qarşı hüquqi şikayət vermək qərarına gəldiyini bildirib. Fernandes özü videoya görə “səmimi şəkildə peşman olduğunu” söyləyib.

Qarro isə ötən gün verdiyi müsahibədə milli komandanın kapitanı və Argentina Futbol Assosiasiyasının prezidentinin üzr istəməli olduğuna inandığını bildirib. Qarro daha sonra X səhifəsində Messidən üzr istəməsini tələb etmədiyini, bunun kapitana hörmətsizlik olacağını qeyd edib.

Teqlər: