Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və
ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi haqqında” 19 aprel 2022-ci il
tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara dövlət
başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Sərəncama
əsasən, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə
əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə
1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər,
İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa
hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində
ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş
xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı
ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi
iştirakçılarından ibarət 4395 nəfərin hər birinə isə 750 manat
məbləğində birdəfəlik yardım veriləcək.
Beləliklə Sərəncam 4500-ə yaxın şəxsi əhatə edəcək.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla
Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
3,5 milyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və
digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.